Azərbaycanda müasir suvarma sistemləri tətbiq edilən kənd təsərrüfatı sahələrinin ümumi ərazisi 155 min hektarı ötüb. Son bir ildə bu göstərici 20–25 min hektar artıb.
“Tehsil365” Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, 2025-ci ilin sonunda müasir suvarma sistemləri tətbiq edilən ərazilərin ümumi sahəsi təxminən 130 min hektar təşkil edib. Hazırda isə bu göstərici 150–155 min hektarı ötüb.
M.Məmmədov qeyd edib ki, 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramının əsas məqsədlərindən biri daha az resursdan istifadə etməklə daha çox məhsul istehsalına nail olmaq, fermerlərin rifahını yüksəltmək və aqrar iqtisadiyyatın inkişafını sürətləndirməkdir.
Nazir ərzaqlıq buğda istehsalının artırılmasının da əsas prioritetlərdən olduğunu vurğulayıb. Bildirib ki, 2025-ci ildə ərzaqlıq buğda istehsalına dəstək proqramı çərçivəsində 126 min ton məhsul əldə edildiyi halda, 2026-cı ildə bu göstərici 170 min tonu ötüb.
Məcnun Məmmədovun sözlərinə görə, ölkə üzrə taxıl məhsuldarlığı bu il hektardan 33–34 sentner olduğu halda, müasir suvarma sistemlərinin tətbiq edildiyi ərzaqlıq buğda sahələrində məhsuldarlıq 54 sentneri ötüb.
O, həmçinin aqrar sahədə innovativ texnologiyaların tətbiqinin əhəmiyyətinə toxunaraq, suvarma sistemləri, lazer mala texnologiyası, keyfiyyətli toxumlar və dronlardan istifadənin məhsuldarlığın artırılmasına müsbət təsir göstərdiyini bildirib.
Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır.

