Oktyabrın 30-da Azərbaycan Yazıçılar Birliyində gənc yazıçı Gül Turanın “EON” neoromanının təqdimat mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə müəllifin qələm dostları, şairlər, yazıçılar, jurnalistlər və publisistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şair-publisist Dəyanət Osmanlı Gül Turanın yaradıcılıq yolundan və çoxşaxəli fəaliyyətindən danışıb, neoroman barədə fikirlərini bölüşüb.
Davamında çıxış edən şair, jurnalist və publisist Nəcibə İlkin romanda sevgi, ağrı, həsrət, arzular və qovuşa bilməmək mövzularının fəlsəfi çalarlarla işlənməsinə diqqət çəkib. O, müəllifin insan taleyinə və hadisələrə fəlsəfi yanaşmasının əsərin ideya-estetik xəttində mühüm yer tutduğunu vurğulayıb.
Yazıçı-jurnalist Etimad Başkeçid isə “EON”da gerçək həyat hadisələrinin mistik, metafizik və mifoloji elementlərlə bir araya gətirilməsindən danışıb. O, romanın postmodern cizgilərinə, səlis üslubuna və axıcı təhkiyəsinə toxunub, əsərdə qədim Şərq və sufi ənənəsinin izlərinin, varlıq və yoxluq mövzusunun özünəməxsus obraz və səhnələrlə ifadə olunduğunu qeyd edib.

