Azərbaycan Dillər Universiteti ilə Britaniya Şurası (British Council) arasında gələcək ingilis dili müəllimlərinin peşəkar hazırlığının gücləndirilməsinə yönəlmiş əməkdaşlıq universitetin “Auditoriya+” layihəsi çərçivəsində davam etdirilir.
“Tehsil365” xəbər verir ki, ötən ildən həyata keçirilən layihənin əsas məqsədi gələcək ingilis dili müəllimlərinin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək, onları müasir tədris yanaşmaları ilə tanış etmək və pedaqoji fəaliyyətə hazırlıq səviyyələrini yüksəltməkdir.
Layihə çərçivəsində ilk məlumatlandırma sessiyası 23 oktyabr tarixində keçirilib. Sessiya Britaniya Şurasının əməkdaşları Könül Əhmədova və Şirin Soyos tərəfindən aparılıb. Görüş zamanı iştirakçılara layihənin məqsədləri, əsas istiqamətləri və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə ətraflı məlumat verilib.
Proqram ADU-nun İngilis və fransız dilləri, eləcə də İngilis və alman dilləri fakültələrinin 400-dən çox III və IV kurs tələbələrini əhatə edir. Proqramın əsas istiqamətləri dərsin planlaşdırılması, sinfin idarə olunması, şagirdlərin öyrənmə nəticələrinin qiymətləndirilməsi və müasir tədris metodlarının tətbiqi üzrə tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsini əhatə edir.

