Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrası "Qida məhsullarının keyfiyyətinə texniki-kimyəvi nəzarətdə rəqəmsal transformasiya" mövzusunda elmi seminar təşkil edib.
“Tehsil365” xəbər verir ki, Sabah City məkanında keçirilən seminara kafedranın tələbələri və professor-müəllim heyəti qatılıb. Müxtəlif təşkilatların nümayəndələri seminarı onlayn izləyiblər.
Seminarda Yaponiyanın Tokio Kənd Təsərrüfatı Universitetinin Biorobotika laboratoriyasının tədqiqatçısı, PhD Oruc Orucov məruzə ilə çıxış edib. Məruzədə qida məhsullarının keyfiyyətinə nəzarətdə ağıllı sensorların tətbiqi, robotlaşdırılmış analiz sistemləri, texnoloji proseslərin rəqəmsal monitorinqi, virtual reallıq texnologiyalarının sınaq və təlim məqsədilə istifadəsi kimi məsələlərə toxunulub.

