Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələri Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin rəsmi saytında məlumat yayılıb.
Oktyabrın 29-da keçirilən “Bərabər şans – böyük gələcək!” adlı beynəlxalq konfrans Milli Qəbul imtahanlarının 25 illiyinə həsr olunub.
Tədbir Qırğız Respublikasının Elm, Ali Təhsil və İnnovasiyalar Nazirliyi ilə Maarif Nazirliyinin dəstəyi və Təhsildə Qiymətləndirmə və Tədris Metodları Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycanı DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev və “Abituriyent” jurnalının baş redaktorunun birinci müavini Afiqə Batıyeva təmsil ediblər.
Tədbirdə müasir qiymətləndirmə yanaşmaları, milli imtahan sistemlərinin inkişafı, test proseslərində rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub.
Konfransda çıxış edən Natiq Əliyev Azərbaycanda mərkəzləşdirilmiş imtahan sisteminin inkişafı, buraxılış və qəbul imtahanlarının təşkili mexanizmləri, eləcə də tətbiq olunan psixometrik təhlil üsulları barədə məlumat verib.
Afiqə Batıyeva isə məktəb dərsliklərinin elmi-metodiki monitorinqi və imtahan modellərinin məzmununun inkişafı ilə bağlı təqdimatla çıxış edib.
Tədbirin sonunda təhsil və qiymətləndirmə sahəsində beynəlxalq əməkdaşlığın, xüsusilə Türk dünyası test mərkəzləri arasında təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

