Azərbaycanda süni intellektin tətbiqinin genişləndirilməsi, elmi tədqiqatların inkişafı və ixtisaslı kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
“Tehsil365” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov “Startup School 4: Five Continents – 500 Startups” qlobal innovasiya proqramının yekun tədbiri – “Demo Day”də çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın əsas üstünlüklərindən biri gənc və yeni texnologiyalara açıq insan resurslarının mövcudluğudur.
O qeyd edib ki, İspaniyanın nüfuzlu IE Universiteti ilə əməkdaşlıq çərçivəsində Bakıda açılan Liderlik və İnnovasiya Mərkəzi ölkənin innovasiya ekosisteminin inkişafına, beynəlxalq təcrübənin yerli mühitə transferinə və gələcək liderlərin yetişdirilməsinə töhfə verəcək.
Azər Bayramov bildirib ki, ömürboyu öyrənməni təmin etmək məqsədilə həyata keçirilən milli proqram çərçivəsində vətəndaşlara proqramlaşdırma, süni intellekt, məlumatların təhlili və sahibkarlıq üzrə ödənişsiz təlimlər keçirilir.
Nazir müavini, həmçinin Dünya İqtisadi Forumu ilə birgə həyata keçirilən Azərbaycan Bacarıqlar Akseleratorunun dövlət, biznes və təhsil müəssisələrini bir araya gətirərək əmək bazarının gələcək tələblərinə uyğun bacarıqların formalaşdırılmasına xidmət etdiyini vurğulayıb.
O əlavə edib ki, Azərbaycan bilik, texnologiya və innovasiyalara əsaslanan iqtisadiyyata doğru irəliləyir və bu prosesdə startapların, investorların və mentorların əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.

