Teatr festivalı çərçivəsində müsabiqədənkənar proqramla yanaşı, “Perspektiv” adlı xüsusi müsabiqə proqramı da təqdim olunub.
“Tehsil365” xəbər verir ki, proqram çərçivəsində 2027-ci ildə premyerası nəzərdə tutulan rus klassik əsərləri əsasında hazırlanmış yarımçıq teatr tamaşalarının eskizləri nümayiş etdirilir. Layihənin əsas məqsədi müstəqil yaradıcı kollektivləri dəstəkləmək və gənc rejissorların yeni tamaşalarının ərsəyə gəlməsinə şərait yaratmaqdır.
Müsabiqənin şərtlərinə əsasən, ekspert münsiflər heyəti tərəfindən seçiləcək qalib eskiz layihəsinin tam səhnələşdirilməsi üçün müəlliflərə 1 milyon rubl məbləğində qrant ayrılacaq.
Festivalın baş prodüseri Maksim Korolev bildirib ki, layihə gənc və müstəqil rejissorların yaradıcılıq fəaliyyətinə dəstək məqsədi daşıyır. Onun sözlərinə görə, qalib seçilən tamaşanın istehsalına və beynəlxalq auditoriyaya təqdim olunmasına dəstək göstəriləcək. Həmin tamaşanın növbəti festival proqramına daxil edilməsi də planlaşdırılır.
Festivalın prezidenti, Rusiyanın Xalq Artisti Mixail Poreçenkov isə proqramın maliyyə dəstəyi ilə həyata keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, gələcəkdə ikinci və üçüncü yerlər üçün də mükafatların təsis olunacağına ümid edir. Poreçenkov qeyd edib ki, layihənin əsas məqsədi gənc və artıq tanınmış rejissor və aktyorların yaradıcılıq ideyalarını reallaşdırmalarına kömək etməkdir.
“Perspektiv” proqramının münsiflər heyətinə teatrşünas və M.S. Şepkin adına Ali Teatr Məktəbinin prezidenti Boris Lyubimov, Novqorod Dövlət Birləşmiş Muzey-Qoruğunun baş direktoru Sergey Bryun, rejissorlar İqor Teplov və Sergey Tonyşev, həmçinin aktyorlar Yuliya Xlınina və Daniil Straxov daxildir.

