Avstriya və Böyük Britaniyadan olan fiziklər maye helium damcılarında müsbət elektrik yükünün paylanmasını izləyərək Nobel mükafatı laureatı Cozef Tomsonun məşhur atom modelini vizuallaşdırıblar.
“Tehsil365”xəbər verir ki, təcrübə zamanı alimlər bu prosesi elektron mikroskopu vasitəsilə qeydə alıblar.
1904-cü ildə ingilis fiziki Cozef Tomson atomu müsbət yüklü kürə və onun daxilində bərabər paylanmış elektronlar şəklində təsəvvür edirdi. Sonradan bu model təkzib olunsa da, elektrik yüklərinin kürə daxilində necə paylandığını izah edən riyazi problem hələ də tam həll edilməyib.
Tədqiqatçılar təcrübə zamanı ifrataxıcı helium damcılarını mütləq sıfıra yaxın temperaturadək soyudub, onların daxilinə qızıl atomları yeridiblər. Qızıl atomları təxminən 700 atomdan ibarət nanohissəciklər əmələ gətirib. Bu hissəciklər elektrik yükünün toplandığı sahələrə cəmləşərək yükün paylanmasını əks etdirən bir növ “iz” yaradıb. Alimlər əldə etdikləri təsvirlər əsasında kürə daxilində 5-dən 36-dək yükdaşıyıcının paylanmasını araşdırıb və nəticələri riyazi hesablamalarla müqayisə ediblər. Az sayda yükdaşıyıcı üçün eksperimental nəticələrlə hesablamalar üst-üstə düşüb. Bu, Tomson modelinə bənzər sistemlərdə elektrik yüklərinin davranışını öyrənmək üçün yeni imkanlar açır.
Lester Universitetinin professoru Yan Şenfu bildirib ki, təcrübənin maraqlı tərəfi nəzəriyyə ilə eksperiment arasındakı ənənəvi ardıcıllığın dəyişməsidir: bu dəfə alimlər əvvəlcə fiziki təcrübə vasitəsilə nəticə əldə edib, sonra isə onu riyazi şəkildə izah etməyə çalışırlar.

