Celilabad rayonunun Mikayıllı kənd tam orta məktəbinin direktoru Seyfulla Məmmədov rəsmi sənədi saxtalaşdırmaqda təqsirli bilinib.
“Tehsil365” xəbər verir ki, məlumata görə, 9-cu sinifdən sonra məktəbdən çıxarılan və hərbi xidmətdən qayıtdıqdan sonra hərbçi kimi işləmək istəyən gəncə 11 illik attestat lazım olub. Bu məqsədlə onun atası Rzaqulu Səfərov məktəb direktoruna müraciət edib. Bildirilir ki, direktor 500 manat alaraq 15 gün sonra attestat təqdim edib.
Araşdırma zamanı müəyyən edilib ki, direktor məktəbin əməkdaşlarından birinin işə qəbul zamanı təqdim etdiyi həqiqi attestatdan istifadə edərək sənəddəki ad və soyadı iti alətlə silib, onu gəncin adına uyğunlaşdırıb. Lakin sənədin kodunu dəyişməyib. Rzaqulu Səfərov attestatda düzəlişləri görərək bu barədə direktora məlumat verib. Direktor isə sənəddə imza və möhür olmadığını bildirib. O, aldığı 500 manatın 200 manatını geri qaytarsa da, qalan 300 manatı ödəməyib.
Şikayət əsasında aparılan araşdırma zamanı saxtakarlığı üzə çıxan məktəb əməkdaşı bildirib ki, direktor onun attestatından istifadə ediləcəyi barədə ona heç bir məlumat verməyib.
Seyfulla Məmmədov ittihamları qəbul etməyərək 14 illik fəaliyyəti ərzində qanun pozuntusuna yol vermədiyini desə də, məhkəmə onu təqsirli bilib. Hökmə əsasən, direktor 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib, həmçinin 1 il müddətinə rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilib. Bundan başqa, həmin müddətdə aylıq əməkhaqqının 15 faizi dövlət nəfinə tutulacaq.

