Yaponiya hökuməti ölkədə yaşayan xarici vətəndaşların yapon dilini öyrənməsi üçün təhsil imkanlarını genişləndirməyi planlaşdırır.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, bu məqsədlə 2027-ci maliyyə ili üçün 11,3 milyard yen vəsait ayrılması tələb olunub. Bu məbləğ əvvəlki ilin büdcə tələbi ilə müqayisədə təxminən dörd dəfə çoxdur.
Təşəbbüs çərçivəsində məktəbəqədər və məktəb yaşlı xarici uşaqlar üçün yapon dili dərslərinin təşkili, dil hazırlığının gücləndirilməsi və təhsil imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, 2027-ci maliyyə ilindən etibarən ibtidai və aşağı orta təhsil pillələrində yapon dilini bilməyən xarici şagirdlərə dil öyrədilməsi istiqamətində əlavə imkanların yaradılması planlaşdırılır.
Qeyd edək ki, Yaponiyada xarici vətəndaşların sayı 4,2 milyonu ötüb. Yeni təşəbbüs onların, xüsusilə məktəb yaşlı uşaqların təhsil sisteminə və cəmiyyətə inteqrasiyasını asanlaşdırmağa yönəlib.

