Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun qələmə aldığı “Nəfəsim Vətən” tamaşasının premyerası keçirilib.
“Tehsil365” xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin məlumatına əsasən Böyük Zəfərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan tamaşa Vətən sevgisini, torpaq həsrətini və xalqımızın qələbə əzmini özündə əks etdirir.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət İşçisi, Dağıstan Respublikasının (Rusiya Federasiyası) Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı isə Fuad Hüseynovdur.
Səhnə əsərində Birinci Qarabağ müharibəsi zamanı erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən, uzun illər məcburi köçkün həyatı yaşayan insanların taleyindən bəhs olunur. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra həmin insanların doğma torpaqlarına qayıdış sevinci və arzuları bədii şəkildə təqdim edilir.
Tamaşada illərlə yurd həsrəti ilə yaşayan insanların dövlətə, Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana olan sarsılmaz inamı, Vətənə bağlılığı və qələbəyə olan ümidləri xüsusi vurğulanır.
“Nəfəsim Vətən” tamaşası xalqımızın keçdiyi çətin və şərəfli yolu, Zəfər tariximizi və doğma torpaqlara qayıdışın müqəddəs duyğularını tamaşaçılara çatdırır.

