Naxçıvan Dövlət Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransına (NASCO29) 1028 elmi iş qəbul edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilib.
Qeyd olunub ki, konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 elmi iş təqdim edilib. Elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən hazırlanmış 1028 elmi iş qəbul olunub.
Konfransda dövlət və hökumət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları, eləcə də ölkənin müxtəlif regionlarından və xarici universitetlərdə təhsil alan azərbaycanlı gənc tədqiqatçılar iştirak ediblər.
Hibrid formatda təşkil olunan tədbirdə 504 nəfər əyani, 878 nəfər isə onlayn iştirak edib. Elmi məruzələr 104 bölmə üzrə dinlənilib.
Dinləyicilərlə birlikdə konfrans iştirakçılarının ümumi sayının 5000 nəfəri keçəcəyi bildirilib.

