Bakıda Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi çərçivəsində “Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli adına Konsert Salonunda təşkil olunub.
Konsertdə giriş sözü ilə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə uşaqlar üçün musiqi əsərlərinin yaradılmasının əhəmiyyətindən danışıb.
Tədbirdə musiqişünas, professor İmruz Əfəndiyeva müasir uşaq mahnılarının inkişafı və azyaşlı dinləyicilərin musiqi zövqünün nəzərə alınmasının vacibliyini vurğulayıb.
Konsert proqramında “Can, Azərbaycandır”, “At gəlir, murad gəlir”, “Köç”, “Gözəl qaz”, “Azərbaycan bayrağı”, “Ucaldaq Vətəni”, “Şən karusel”, “Kitabı sevək”, “Əziz müəllim” və “Sərhədçilər mahnısı” kimi əsərlər səsləndirilib.
Proqramda uşaq xorları, musiqi məktəblərinin və ümumtəhsil müəssisələrinin şagirdləri, eləcə də gənc solistlər iştirak ediblər. Mahnıların bir qismi dinləyicilərə ilk dəfə təqdim olunub.

