Gəncədə Azərbaycan və dünya nizamişünaslığının aktual problemlərinə həsr olunmuş II Beynəlxalq elmi konfrans keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiyanın Kalmıkiya Respublikasından alim və tədqiqatçılar iştirak ediblər. Konfransdan əvvəl iştirakçılar Gəncədə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra AMEA-nın Gəncə Bölməsində təşkil olunan, elmi tədqiqatları və nizamişünaslıq sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgi ilə tanış olublar.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılara AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış film nümayiş etdirilib.
AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açılış nitqində Ulu Öndər Heydər Əliyevin Azərbaycan klassiklərinin irsinin dərindən öyrənilməsinə və təbliğinə xüsusi önəm verdiyini, Nizami Gəncəvinin yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunmasında mühüm yer tutduğunu vurğulayıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Nizami irsinin tədqiqi və təbliğində dövlət səviyyəsində göstərilən diqqətin əhəmiyyətini qeyd edib.
AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə plenar iclas keçirilib. İclasda Azərbaycan və xarici ölkələrin elm və təhsil müəssisələrini təmsil edən alimlər Nizami yaradıcılığının müxtəlif aspektlərinə dair məruzələrlə çıxış ediblər.
Məruzələrdə Nizami irsinin Türk dünyası ilə əlaqələri, Şərq ədəbiyyatındakı yeri, digər şairlərin yaradıcılığı ilə ədəbi əlaqələri, təsəvvüf və irfan motivləri, humanizm və multikultural dəyərlər, eləcə də rəqəmsal humanitar elmlər kontekstində yeni tədqiqat imkanları diqqət mərkəzində olub.
Plenar iclasdan sonra konfrans səkkiz bölmə üzrə işini davam etdirib. Bölmələrdə Nizami Gəncəvinin Türk dünyası, Azərbaycan şifahi xalq ədəbiyyatı və dünya ədəbiyyatı ilə əlaqələri, yaradıcılığında din, irfan, incəsənət və bəşəri dəyərlər, həmçinin müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni istiqamətləri araşdırılıb.
Qeyd edək ki, konfransa qəbul olunan 251 elmi məqalə ümumilikdə 1250 səhifə həcmində dörd cilddə nəşr edilərək iştirakçılara təqdim olunub.
Beynəlxalq elmi konfrans çərçivəsində iştirakçılar Nizami Gəncəvinin məqbərəsini, Nizami Gəncəvi Muzeyini və şəhərin tarixi məkanlarını ziyarət ediblər.

