“Bu gün gənc qələm sahiblərinin qarşılaşdığı başlıca çətinliklərdən biri öz istedadları ilə üz-üzə gəlmələri, daha doğrusu, həmin istedadın imkanlarını dərk edərək onu ədəbi yaradıcılığın ciddi meyarlarına uyğun inkişaf etdirmələridir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında yazıçı İradə Aytel söyləmişdir.
Onun sözlərinə görə, istedad yaradıcılığın başlanğıc nöqtəsidir, lakin onun gerçək ədəbi dəyərə çevrilməsi zəhmət, mütaliə, intellektual hazırlıq və zaman tələb edir.
Yazar qeyd edib ki, müasir dövr gənc yazarlar üçün kifayət qədər geniş imkanlar açıb. Bildirib ki, sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə bu gün hər hansı bir əsəri dünyanın müxtəlif nöqtələrindəki oxuculara çatdırmaq mümkündür. O vurğulayıb ki, ədəbi mətn öz bədii-estetik keyfiyyəti ilə seçilirsə, onun nəşri, yayılması və daha geniş oxucu auditoriyasına təqdim olunması üçün də imkanlar mövcuddur.
“Yaxşı əsər gec-tez öz naşirini və oxucusunu tapır. Buna görə də mənim qənaətimcə, gənc yazarların diqqətini ilk növbədə tanınmağa, ədəbi mühitdə görünməyə deyil, yazdıqları mətnin keyfiyyətinə yönəltmələri vacibdir. Ədəbiyyatda əsas məsələ çox görünmək yox, yadda qalacaq söz deməkdir”, – deyə o əlavə edib.
İradə Aytelin fikrincə, yaxşı yazmağın dəyişməz şərti mütaliədir. O bildirib ki, mütaliə yazıçının yalnız söz ehtiyatını zənginləşdirmir, həm də onun bədii təfəkkürünü, estetik zövqünü, dünyagörüşünü və hadisələrə yanaşma tərzini formalaşdırır.
O qeyd edib ki, ədəbiyyat tarixini, dünya və milli ədəbi irsi, müxtəlif ədəbi cərəyanları, janr və üslub xüsusiyyətlərini dərindən bilmədən orijinal yaradıcılıq mövqeyi ortaya qoymaq çətindir.
“Yazıçı özündən əvvəl yazılanları oxumalı, öyrənməli, təhlil etməli və yalnız bundan sonra öz sözünün, öz üslubunun axtarışına çıxmalıdır. Mütaliə yazmağın açarıdır; bu açar olmadan söz dünyasının qapılarını açmaq asan deyil”, – deyə o vurğulayıb.
Bununla yanaşı, yazar gənc qələm sahiblərinin üzləşdiyi problemlərə də toxunub. Onun sözlərinə görə, ədəbi müsabiqələrdə bəzən obyektivlik və peşəkar meyarlar arxa plana keçir, istedadlı müəllif layiq olmadığı halda kənarda qalır, daha zəif mətn isə müxtəlif subyektiv amillərin təsiri ilə önə çəkilir.
O bildirib ki, bəzən nəşr imkanları da ədəbi keyfiyyətdən daha çox şəxsi münasibətlərə, tanışlığa və müəyyən çevrələrə mənsubiyyətə bağlı olur. Eyni vəziyyətin ədəbi tədbirlərə dəvətlərdə, televiziya və digər media platformalarında təmsilçilikdə də özünü göstərə bildiyini deyən yazar əlavə edib ki, belə hallarda istedadlı, lakin kifayət qədər tanınmayan gənc müəllif özünü ədəbi prosesin kənarında hiss edir. Onun fikrincə, bu isə yaradıcılıq enerjisinə mənfi təsir göstərməklə yanaşı, ədəbiyyata inamı da sarsıda bilər.
Sonda gənc yazarlara tövsiyələrini bölüşən yazar onları ruhdan düşməməyə, ədəbi iddialarını zəhmətlə əsaslandırmağa, dayanmadan mütaliə etməyə və yazdıqlarına tənqidi yanaşmağa çağırıb.
O vurğulayıb ki, hər yazılan mətnin mükəmməl olmadığını qəbul etmək, öz yaradıcılığını yenidən nəzərdən keçirmək və redaktə etmək yazıçı mədəniyyətinin mühüm göstəricisidir.
“Eyni zamanda, əsərlərini oxucuya çatdırmaq üçün müasir kommunikasiya imkanlarından istifadə etsinlər, lakin oxucu sayını bədii keyfiyyətin ölçüsünə çevirməsinlər”.

