“4Sİ Akademiyası – Milli Proqram”ın növbəti mərhələsi çərçivəsində 4 mindən çox Azərbaycan vətəndaşı “Coursera” platformasında beynəlxalq təlimlərə qoşulub.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi proqram iştirakçılara dünyanın aparıcı universitetləri və texnologiya şirkətləri tərəfindən hazırlanmış 21 mindən çox təlimdən altı həftə ərzində ödənişsiz yararlanmaq imkanı yaradır.
“Tehsil365” xəbər verir ki, iyunun 22-də başlayan proqramın ikinci fazası çərçivəsində indiyədək 12 min 300 istifadəçi 70 mindən çox təlimə müraciət edib, 32 mindən çox təlimi uğurla tamamlayıb.
İştirakçılar arasında ən çox maraq göstərilən istiqamətlər süni intellekt, maşın öyrənməsi, data analitikası, liderlik və idarəetmə olub. Ən çox tamamlanan kurslar sırasında “Süni intellektin əsasları”, “Layihə idarəetməsinin əsasları”, “Data elminin əsasları: data hər yerdə”, eləcə də “Generativ süni intellekt: giriş və tətbiqlər” yer alıb.
Proqramın pilot və birinci fazaları da nəzərə alınmaqla, indiyədək ümumilikdə 90 minə yaxın istifadəçi platformada 145 mindən çox beynəlxalq təlimi uğurla başa vurub.
Qeyd edək ki, proqramın əsas məqsədi vətəndaşların müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarını inkişaf etdirmək, süni intellekt və digər Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına dəstək verməkdir.
Hazırda platformada dünyanın 380-ə yaxın aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanmış 21 mindən çox təlim əlçatandır. Stanford, Oksford, Yel, Dyuk, Miçiqan və London universitetlərinin, eləcə də “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” şirkətlərinin təlimləri də proqrama daxildir. Onlardan 3250-si Azərbaycan dilində subtitrlərlə təqdim olunur.
Dövlət və özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilən proqramın tərəfdaşları sırasında “PASHA Holdinq”, SOCAR, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group”, “B2B Group” və “Esyasoft” şirkətləri yer alır.
Proqrama qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az/ ünvanında qeydiyyatdan keçə bilərlər.

