Bakı Mühəndislik Universitetinin (BMU) baş müəllimi Yusif Yusifovun təsis etdiyi və universitetin məzunlarından ibarət komandanın hazırladığı HOGGA startapı “Startup School 4: Five Continents - 500 Startups” qlobal innovasiya proqramında birinci yerə layiq görülüb.
“Tehsil365” xəbər verir ki, müxtəlif ölkələrdən 500 startapın iştirak etdiyi proqramın Bakıda keçirilən final mərhələsində HOGGA innovativ texnoloji həlli ilə fərqlənərək münsiflər heyəti tərəfindən qalib elan olunub.
BMU-nun “İnformasiya təhlükəsizliyi” ixtisasının məzunları Gülçin Cumayeva, Səma Dostaliyeva, Mehriban Əlizadə və Riyad Ağazadədən ibarət komanda HOGGA vasitəsilə bizneslərin rəqəmsallaşmasına yeni yanaşma təqdim edib.
HOGGA süni intellekt əsaslı platforma olub, proqramlaşdırma biliyi tələb etmədən bizneslərin ehtiyaclarına uyğun fərdi proqram təminatı yaratmağa imkan verir. Platforma kiçik və orta bizneslərin rəqəmsallaşmasını asanlaşdırmaq, bu prosesi daha sürətli və əlçatan etmək məqsədi daşıyır. Platformanın əsas fərqləndirici xüsusiyyəti süni intellektin proqram kodu yazan vasitə kimi deyil, biznes analitiki rolunda çıxış etməsidir. Sahibkar süni intellektlə yazılı və ya səsli ünsiyyət quraraq biznesinin ehtiyaclarını və istədiyi funksiyaları izah edir. Süni intellekt daxil olan tələbləri təhlil edir, məlumat obyektlərini, onların atributlarını və qarşılıqlı əlaqələrini müəyyənləşdirərək strukturlaşdırır. Növbəti mərhələdə HOGGA-nın xüsusi proqram generatoru formalaşdırılmış model əsasında proqram kodları yaradır. Bu kodlar əvvəlcədən hazırlanmış, obyekt-yönümlü proqramlaşdırma prinsipləri əsasında qurulmuş, sınaqdan keçirilmiş və təhlükəsizlik yoxlamalarından keçmiş komponentlərə əsaslanır.
Beləliklə, süni intellektin sərbəst şəkildə kod yaratması əvəzinə, əvvəlcədən hazırlanmış və yoxlanılmış proqram komponentləri əsasında fərdi tətbiqlər formalaşdırılır. Nəticədə sahibkar öz biznesinin xüsusiyyətlərinə uyğun veb, mobil və masaüstü proqram təminatı əldə edə bilir.
HOGGA startapının beynəlxalq proqramda qazandığı bu uğur BMU-nun akademik heyətinin və məzunlarının elmi bilik və praktiki bacarıqları innovativ təşəbbüslərlə birləşdirərək real biznes ehtiyaclarına yönəlmiş texnoloji həllər yaratmaq potensialını nümayiş etdirir.

