Lüksemburqda Mədəniyyət Mərkəzində Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının (Lux-Ax) təşkilatçılığı ilə bu ölkədə yaşayan azərbaycanlı rəssam Taleh Mirkazımın hərəkət, zaman və yaddaş mövzularına həsr olunan “TRACES” (“İzlər”) adlı fərdi sərgisi açılıb.
“Tehsil365” xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, CLAE (Comité de liaison des associations issus de l’immigration) təşkilatının, Almaniyanın Trier Universitetinin, diplomatik korpusun və beynəlxalq təşkilatların əməkdaşları, eləcə də akademik dairələrin təmsilçiləri, Azərbaycan icmasının üzvləri və yerli sənətsevərlər iştirak ediblər.
Sərgidə rəssamın müxtəlif mövzuları əhatə edən 20-yə yaxın rəngkarlıq əsəri yer alıb.
Açılış mərasimində LuxAz-ın sədri Seymur Əhmədov, assosiasiyanın vitse-prezidenti Sevinc Ömərli və sərginin müəllifi Taleh Mirkazım çıxış edərək, tədbirin əhəmiyyətindən və təqdim olunan əsərlərin bədii xüsusiyyətlərindən danışıblar.
Mərasim iştirakçıları rəssamın əsərləri ilə yaxından tanış olmaq, onun yaradıcılıq yanaşması barədə fikir mübadiləsi aparmaq və sərgidən aldıqları təəssüratları bölüşmək imkanı əldə ediblər.
“TRACES” fərdi sərgisi insan həyatının ayrılmaz hissələri olan hərəkət, zaman və yaddaş arasındakı mürəkkəb əlaqəni bədii müstəvidə araşdırır. Taleh Mirkazımın əsərlərində velosipedlər, insan fiqurları və şəhər mənzərələri keçmiş anların, həyat təcrübəsinin və zamanın insan üzərində buraxdığı izlərin simvolik ifadəsidir.
Fiqurativ təsvirlə abstrakt ifadə vasitələrinin vəhdətindən yararlanan müəllif işıq-kölgə münasibəti və sərbəst fırça texnikası ilə kompozisiyalara dinamizm qazandırır. Sərgidə hərəkətli səhnələrlə yanaşı, insanın daxili dünyasını, düşüncə və mənəvi yaşantılarını əks etdirən əsərlər də təqdim olunur.
1984-cü təvəllüdlü rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Hazırda Almaniyada yaşayan T.Mirkazımın əsərləri Sürix, Lüksemburq, Köln və Trierdəki beynəlxalq platformalarda nümayiş etdirilib. Müəllifin iki rəsm əsəri Trierdəki Simeonstift Şəhər Muzeyinin daimi fondunda, digər işləri isə ABŞ, Avstraliya, İspaniya, İsveçrə və İtaliyadakı şəxsi kolleksiyalarda yer alır.
Azərbaycan müasir incəsənətinin Avropada tanıdılmasına və mədəniyyətlərarası dialoqa xidmət edən sərgi noyabrın 14-dək davam edəcək.

