Noyabrın 3-ü saat 15:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılır.
“Tehsil365” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qeydiyyat 18 noyabr saat 15:00-dək davam edəcək. İştirakçılar https://portal.edu.az/ platformasına daxil olaraq, “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.
VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Azərbaycan və rus bölmələri ilə yanaşı, bu il ilk dəfə olaraq ingilis bölməsi üzrə təhsil alan şagirdlər də portalda müvafiq bölməni seçməklə qeydiyyatdan keçə biləcəklər. Tədris dili fərqli dillərdə aparılan şagirdlərə Respublika Fənn Olimpiadalarında Azərbaycan, rus və ya ingilis dillərindən birini seçərək imtahanda iştirak etmək imkanı yaradılacaq.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
Qeydiyyat prosesi ilə bağlı hər hansı sual və ya çətinlik yaranarsa, MÜTDA-nın 146-2 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

