“Tehsil365” İnformasiya Agentliyinin layihəsi olan “Şəhidin səsi” proqramının növbəti buraxılışı şəhid Amin Qəfərlinin əziz xatirəsinə həsr olunacaq.
"Tehsil365" xəbər verir ki, proqram bu gün saat 22:00-da “Tehsil365” İnformasiya Agentliyinin rəsmi YouTube səhifəsində yayımlanacaq. Buraxılışın aparıcısı agentliyin təşkil etdiyi birinci “Könüllü müxbir” layihəsində könüllü müxbir kimi fəaliyyət göstərmiş Ramidə Əliyeva olacaq.
Qəfərli Amin Rasim oğlu 22 yanvar 2004-cü ildə Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 297 nömrəli tam orta məktəbdə alıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Amin Qəfərli 14 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Hərbi xidmət vəzifələrini yerinə yetirərkən göstərdiyi şücaət, mərdlik və peşəkarlığa görə Amin Qəfərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“Şəhidin səsi” proqramının budəfəki buraxılışında şəhid Amin Qəfərlinin həyat yolu, Vətənə xidmətləri və qəhrəmanlığı bir daha yad ediləcək.
Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan proqramı saat 22:00-da “Tehsil365”in YouTube səhifəsində izləyə bilərsiniz.

