Oktyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib.
“Tehsil365” xəbər verir ki, təlim və Metodologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri və ADU-nun İngilis dilinin tədrisi metodikası kafedrasının dosenti Könül Hacıyeva tərəfindən təqdim olunub.
ADU-nun tədris işləri üzrə prorektoru, dosent Şəfəq Şahməmmədova tədbirdə giriş sözü ilə çıxış edərək Könül Hacıyevaya təqdim etdiyi əhəmiyyətli təlim proqramı üçün təşəkkürünü bildirib. Təlim prosesinə uğurlar arzulayan Ş.Şahməmmədova baş tutan təlimin Təlim və Metodologiya Mərkəzinin illik fəaliyyət planının tərkib hissəsi olduğunu qeyd edib.
Tədbirdə İngilis və fransız dilləri fakültəsinin dekanı dos. V.Babayeva, Beynəlxalq münasibətlər kafedrasının müdiri professor A.Yusifzadə, Azərbaycan dilçiliyi kafedrasının müdiri dos. F.Niftəliyeva, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dos.G.Sadıxova, Rus dili və ədəbiyyatı kafedrasının müdiri dos. M.Əliyev, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dos. F.Qurbanzadə, Təlim və Metodologiya Mərkəzinin müdiri M.Bağırova, o cümlədən universitet üzrə bir çox kafedraları, Biliyin qiymətləndirilməsi, Keyfiyyətin təminatı və monitorinq şöbələrini təmsil edən ümumilikdə 50-yə yaxın ADU əməkdaşı iştirak edib.
Təlimin əsas istiqamətləri Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən kafedralar tərəfindən imtahan suallarının hazırlanması prosesində Blum taksonomiyasının dərketmə səviyyələrindən məqsədyönlü istifadənin təmin edilməsi, sualların fənn sillabuslarında müəyyən edilmiş təlim nəticələrinə uyğunluğunun qiymətləndirilməsi və tələbələrin bilik və bacarıqlarının ölçülməsi üçün SMART meyarlarına uyğun konkret, ölçülə bilən və əldə edilə bilən hədəflərin müəyyənləşdirilməsi məqsədilə müvafiq təlimin təşkili təklifi əsasında müəyyənləşdirilib.
Təqdimatçının müzakirə sualı ilə başlayan interaktiv təlim prosesi elmi və praktik təcrübəyə əsaslanan müddəaların, qiymətləndirmə meyarlarının, fənn təlim nəticələri ilə imtahan suallarının uyğunluq dərəcəsini göstərən sxem-qrafikləri özündə əks etdirən “Blum, DOK, SOLO - fərq nədir?”, “Keyfiyyətli qiymətləndirmə zənciri”, “Meyar hazırlamaq üçün 6 qayda”, “Açıq sualın 5 komponent formulu” təqdimatı ilə davam edib.
Könül Hacıyeva “Ümumi prioritetlər və yekun” adlı bölmədə iştirakçılara öz tövsiyələrini təqdim edərək ümumi sual-cavab mərhələsi ilə təqdimatını yekunlaşdırıb.
Təlim proqramının müəllifinin də qeyd etdiyi kimi, “İstifadə olunan əsas mənbələr”də elmi ədəbiyyatlarla birlikdə istifadəçi tərəfindən təqdim edilmiş ADU sillabusları (həm dil, həm də humanitar fənlər üzrə) və imtahan materialları şəxslər və kafedraların adları göstərilmədən təhlil nümunələri kimi yer alıb.
Sonda Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, dosent F.Qurbanzadə təlimçiyə bir daha təşəkkür edərək təqdim olunan proqramın yekun nəticələrinin tətbiqinin tələbə nailiyyətlərinin ölçülməsi prosesinə uğurlu nəticə verəcəyini vurğulayıb.

