Azərbaycan Dillər Universitetinin (ADU) Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Şəfəq Mustafayeva 8–23 oktyabr 2026-cı il tarixlərində Qazaxıstan Respublikasında fəaliyyət göstərən Hoca Ahmet Yesevi adına Beynəlxalq Türk-Qazax Universitetində Orhun Mübadilə Proqramı çərçivəsində akademik səfərdə olub.
“Tehsil365” xəbər verir ki, səfərin əsas məqsədi ali təhsil müəssisələri arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi, elmi-pedaqoji təcrübə mübadiləsinin genişləndirilməsi, beynəlxalq münasibətlər və regional tədqiqatlar sahəsində elmi biliklərin paylaşılması, eləcə də Türk dünyasının ali təhsil məkanında akademik inteqrasiyanın təşviqindən ibarət olub.
Akademik səfər çərçivəsində Şəfəq Mustafayeva müvafiq ixtisaslar üzrə tələbələr və akademik heyət üçün mühazirə və seminarlar keçirib. Belə ki, oktyabrın 13-də “Asiya-Sakit okean regionu beynəlxalq münasibətlər sistemində” mövzusunda mühazirə, oktyabrın 20-də isə “Fransanın Cənubi Qafqaz siyasəti” mövzusunda elmi seminarla çıxış edib.
Səfər çərçivəsində Şəfəq Mustafayeva Hoca Ahmet Yesevi adına Beynəlxalq Türk-Qazax Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Dr. Makpal Anlamassova, Beynəlxalq münasibətlər kafedrasının müdiri Dr. Rüştü Kaya və digər akademik nümayəndələrlə keçirilən görüşlərdə iştirak edib. Görüşlər zamanı elmi-pedaqoji fəaliyyətin təşkili, ali təhsildə müasir tədris yanaşmaları, beynəlxalq akademik mobillik və universitetlərarası əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Akademik səfər proqramı çərçivəsində Şəfəq Mustafayeva I Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş V Gənc Türkoloqlar Beynəlxalq Çalıştayında da iştirak edib. Türkologiya sahəsində elmi tədqiqatların aktual istiqamətlərinin müzakirəsinə həsr olunan tədbir Türk dünyasının elmi irsinin öyrənilməsi, müasir türkoloji tədqiqatların inkişafı və gənc tədqiqatçılar arasında akademik əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edib.
Bununla yanaşı, Şəfəq Mustafayeva Qazaxıstan Respublika Günü münasibətilə təşkil olunan tədbirdə iştirak edib. Tədbir çərçivəsində Qazaxıstanın dövlətçilik ənənələri, milli-mədəni irsi və ictimai həyatı ilə bağlı təqdim olunan proqramlarla tanış olub.
Səfərin yekun mərhələsində Hoca Ahmet Yesevi adına Beynəlxalq Türk-Qazax Universitetinin prorektoru Mustafa Giritlioğlu ilə görüş keçirilib. Görüş zamanı universitetin yaranma tarixi, institusional missiyası, beynəlxalq əməkdaşlıq istiqamətləri və tələbə mobilliyi imkanları haqqında məlumat verilib. Görüşün sonunda Şəfəq Mustafayevaya proqramda iştirakını təsdiq edən müvafiq sənəd təqdim olunub.

