Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) illik tədbirlər planına uyğun olaraq “Fövqəladə hadisələrə hazırlıq və belə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış məşqi keçirilib.
“Tehsil365” xəbər verir ki, ADNSU-nun əsas binasının həyətində həyata keçirilən məşqin məqsədi mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsini, idarəetmə və xəbərdarlıq sistemlərinin, eləcə də mühafizə vasitələrinin vəziyyətini yoxlamaq, universitetin mülki müdafiə planının icra imkanlarını dəqiqləşdirmək olub.
Məşqdə universitetin rəhbərliyi, mülki müdafiə üzrə komandir-rəis heyəti və mülki müdafiə qüvvələrinin dəstələri iştirak ediblər. Şərti komanda və təlimatlara uyğun olaraq iştirakçılar müəyyən edilmiş vaxt ərzində toplanış məntəqəsinə gəliblər. Məşq zamanı mülki müdafiə planının tələbləri yoxlanılıb, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
ADNSU-nun Mülki Müdafiə Qərargahının rəisi Elşən Məmmədov çıxışında fövqəladə hallarda mülki müdafiə qüvvələrinin vəzifələri, dəstələrin hazırlıq səviyyəsinin yüksəldilməsində təlim və məşqlərin əhəmiyyəti barədə məlumat verib. O, həmçinin müxtəlif təyinatlı qüvvələr arasında qarşılıqlı fəaliyyətin düzgün təşkilinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində mülki müdafiə qüvvələrinin yaradılmasının və fəaliyyətinin əhəmiyyəti, ilkin xilasetmə və təxirəsalınmaz qəza-bərpa işlərinin təşkili, eləcə də fövqəladə hallarda mühafizə üsulları barədə məlumat verilib. Kimya və radiasiya nəzarət postunun komandiri Namaz Balakişiyev isə postun fəaliyyət istiqamətləri və əsas vəzifələri haqqında danışıb.
Məşqin nəticələrinə əsasən, ADNSU-nun mülki müdafiə qüvvələrinin fövqəladə hallarda qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qismən hazır olduğu müəyyən edilib.

