Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişatı barədə ictimaiyyəti gündəlik məlumatlandırması, cəbhədə vəziyyətin inkişafına şəxsən nəzarət etməsi və işğaldan azad edilmiş ərazilərə səfərləri ölkənin informasiya müharibəsində uğurunun təmin edilməsində mühüm rol oynayıb.
“Tehsil365” xəbər verir ki, bu barədə "Qarabağ uğrunda müharibə: strategiya, texnologiya və qələbə" kitabının müəllifi, Uest-Poyntdakı ABŞ Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri tədqiqatları istiqamətinin rəhbəri və Şəhər Döyüşlərinin Öyrənilməsi Layihəsinin həmdirektoru Con Spenser bu kitabın təqdimatında bildirib.
C.Spenserin sözlərinə görə, silahlı münaqişələrin nəticəsi texnologiyalardan daha çox insan amili ilə müəyyən edilir: "44 günlük Vətən müharibəsi də bunu əyani şəkildə nümayiş etdirib".
O qeyd edib ki, tədqiqat çərçivəsində Liam Kollinzlə birlikdə döyüş əməliyyatlarının iştirakçıları ilə - diviziya komandirlərindən tutmuş sıravi hərbi qulluqçulara qədər çoxsaylı müsahibələr aparıb. Bundan başqa, müəlliflər hərbi əməliyyatların keçirildiyi ərazilərə səfər ediblər.
"Biz bu regiona bir neçə dəfə səfər etmişik. Mənim ilk səfərim 2021-ci ildə, Şuşa uğrunda döyüşü tədqiq edərkən baş tutub. O, həlledici oldu və Azərbaycanın qələbəsini təmin etdi. Sonradan biz kitabda təsvir olunan digər döyüş meydanlarına baş çəkmək üçün daha beş dəfə geri qayıtdıq", - C.Spenser bildirib.
Onun sözlərinə görə, döyüş əməliyyatları olan yerlərə səfər müəlliflərə təkcə ərazinin xüsusiyyətlərini öyrənməyə deyil, həm də əməliyyatların gedişatını və onların nəticəsinə təsir edən halları daha yaxşı anlamağa imkan verib.

