İspaniya Futbol Federasiyası futbolçu Xesus de Migelin vəfatı ilə əlaqədar bu gün keçirilməsi planlaşdırılan Kral Kuboku və Qadınlar Kral Kuboku matçlarını təxirə salıb.
“Tehsil365” xəbər verir ki, “Tenerife” klubunun hücumçusunun faciəvi ölümü ilə əlaqədar İspaniyanın U-21 millisi ilə Yaponiya yığması arasında nəzərdə tutulan qarşılaşma da baş tutmayacaq.
Bununla belə, İspaniyada bu gecə keçirilməsi planlaşdırılan UEFA Çempionlar Liqası oyunları əvvəlcədən müəyyənləşdirilmiş qrafik üzrə davam edəcək.
Xatırladaq ki, 30 yaşlı futbolçu bu gün yerli vaxtla saat 08:00-da dünyasını dəyişib.
Hadisə Sequndanın XII turu çərçivəsində keçirilən və 2:2 hesabı ilə başa çatan “Tenerife” – “Andorra” matçında baş verib. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə “Andorra”nın qapıçısı Xesus Ovono top uğrunda mübarizədə rəqib komandanın hücumçusu Xesus de Migelə qarşı kobud oynayıb. Buna görə hakim qolkiperə birbaşa qırmızı vərəqə göstərib. Müdaxilədən sonra meydanda yerdə qalan futbolçunun huşunu itirdiyi müəyyənləşib. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xesus de Migelin ürək və tənəffüs dayanması keçirdiyi bildirilmişdi. Daha sonra klub futbolçunun nevroloji vəziyyətinin pisləşdiyini açıqlamışdı.

