Fransada təhsil şəraitinin yaxşılaşdırılması və həyat bahalılığına etiraz edən lisey şagirdləri yenidən aksiyalara başlayıblar. Ölkə üzrə onlarla məktəbin girişi bağlanıb.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, Paris, Lill, Tuluza və Marsel şəhərlərində şagirdlər əvəzedici müəllimlərin sayının artırılmasını və köhnəlmiş məktəb binalarının təmirini tələb edərək girişlərdə barrikadalar qurublar. Polis müdaxiləsi nəticəsində bəzi şagirdlər saxlanılıb.
Sentyabr ayından davam edən etirazların fonunda universitet tələbələrinin də aksiyalara qoşulacağı gözlənilir.
Cümə axşamı ümumölkə tətili keçiriləcək:
İşçi və dövlət qulluqçularının həmkarlar ittifaqları cümə axşamı genişmiqyaslı tətil çağırışı ediblər. Aksiyalarda dəmir yolu işçiləri, müəllimlər və özəl sektor əməkdaşlarının iştirakı nəzərdə tutulur.
Etirazçılar təhsil sahəsindəki problemlərlə yanaşı, aşağı əməkhaqlarına və artan yaşayış xərclərinə də etiraz edəcəklər.
Renouveau Lycéen şagirdlər həmkarlar ittifaqının nümayəndəsi Natanayel Kombari hökumətin siniflərdə şagird sayının məhdudlaşdırılması və universitetlərə qəbul sisteminin yenilənməsi ilə bağlı təkliflərini yetərsiz hesab edib. O, hakimiyyətin diqqətini problemlərə yönəltmək üçün etirazlardan başqa seçimlərinin qalmadığını bildirib.
Təhsil naziri imtahanlarla bağlı xəbərdarlıq edib:
Fransanın milli təhsil naziri Eduar Gefre məktəb blokadalarının yuxarı sinif şagirdlərinin ilin sonunda keçiriləcək bakalavr imtahanlarına mənfi təsir göstərə biləcəyini açıqlayıb.
Nazirin sözlərinə görə, yüz minlərlə şagird tədris proqramından geri qalır. O, məktəblərin blokadaya alınmasını qanunsuz adlandıraraq şagirdlərin dərslərə qayıtmasının vacibliyini vurğulayıb.

