Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyaları fakültəsinin (KTF) “Biotexnologiya və qida mühəndisliyi” kafedrasının magistrant və tələbələri Özbəkistan və Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda onlayn formatda iştirak edərək elmi tədqiqatlarını təqdim ediblər.
“Tehsil365” xəbər verir ki, “Fundamental və tətbiqi mikrobiologiyanın müasir vəziyyəti və inkişaf perspektivləri: gənc alimlərin baxışı” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilib.
Konfransda Biotexnologiya ixtisası üzrə I kurs magistrantları Fidan Kərimli, Ofelya İsmayılova və Xumar Nəsirova dosent Nərgiz Sultanovanın elmi rəhbərliyi ilə açılış plenar iclasında şifahi məruzə ilə çıxış ediblər.
Magistrantların “Termofil bakteriyaların lipazaları: xüsusiyyətləri, qida və sənaye biotexnologiyasında tətbiq perspektivləri” mövzusunda elmi işi konfrans materiallarında dərc olunub. Tədqiqatda termofil mikroorqanizmlərin lipaza fermentlərinin xüsusiyyətləri, eləcə də bu fermentlərin qida sənayesi, yağların emalı, yuyucu vasitələrin istehsalı və digər sənaye sahələrində tətbiq imkanları araşdırılıb.
Bununla yanaşı, kafedranın "Qida mühəndisliyi" ixtisası üzrə tələbələri Xədicə Abbasova, Ayxan Namazov, Firuzə Rzayeva, Xədicə Musazadə, Məleykə Əliyeva və Kənan Allazov oktyabrın 24-də Türkiyənin Ankara şəhərində keçirilən III Beynəlxalq Mühəndislik və Elmlər Konqresində (AKAP) onlayn formatda şifahi məruzələrlə çıxış ediblər. 24 ölkədən alimlərin iştirak etdiyi konqresdə ADNSU tələbələri elmi tədqiqatlarının nəticələrini beynəlxalq auditoriyaya təqdim ediblər.
Hər iki beynəlxalq elmi tədbirdə iştirak edən magistrant və tələbələr sertifikatlarla təltif olunublar.

