Noyabrın 3-də Azərbaycan Milli Konservatoriyasında “Müasir dövrdə aşıq sənətinin tədrisi məsələləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunub.
“Tehsil365” xəbər verir ki, dəyirmi masadan əvvəl I Kəlbəcər Aşıq Festivalının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə bu ilin mayında Azərbaycanda ilk dəfə keçirilən Kəlbəcər Aşıq Festivalının ölkənin zəngin mədəni həyatında özünəməxsus yer tutduğunu bildirib.
Rektor festivalın əsas məqsədinin qədim aşıq sənətinin ənənələrini yaşatmaq və inkişaf etdirmək, bu sənəti geniş auditoriyaya, o cümlədən beynəlxalq miqyasda tanıtmaq, gənc sənətkarların yaradıcılığına dəstək vermək olduğunu vurğulayıb.
“Festivalın məqsədləri “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas müddəalarına uyğundur. Konsepsiyanın başlıca istiqamətlərindən biri milli kimliyimizin parlaq təzahürü olan sənət nümunələrini qoruyub saxlamaq və inkişaf etdirməkdir”, – deyə K.Dadaşzadə əlavə edib.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov aşıq sənətinin festival formatında təqdim edilməsinin onun təbliği və yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
“Aşıq sənətinə uzun illərdir dəstək göstərilir. Lakin bu sənətin festival formatında təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Bu arzu və təşəbbüs artıq reallaşıb. Festivalın bundan sonra mütəmadi keçirilməsi və Kəlbəcər adını daşıması nəzərdə tutulur. Ustad sənətkar Aşıq Şəmşirin ocağının Kəlbəcərdə yerləşməsi bu məkanın festival üçün seçilməsində mühüm rol oynayır. İnanırıq ki, festival Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də ölkəmizdən kənarda yaşayan aşıqları bir araya gətirəcək”, – deyə C.Səlimxanov qeyd edib.
O, aşıq sənətinin 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, bu irsi qorumaq yalnız onun adını siyahıda görməklə və ya bu barədə danışmaqla mümkün deyil. Sənət gündəlik fəaliyyətlə yaşadılmalı, xüsusilə də gənc nəslə ötürülməlidir.
C.Səlimxanov muğam sənətində olduğu kimi, aşıq sənətində də gənc ifaçıların dəstəklənməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı isə aşıq sənətinin inkişafı üçün gənc ifaçıların dəstəklənməsinin və dastan ənənəsinin yaşadılmasının vacibliyindən danışıb.
O, dastan ənənəsinin aşıq sənətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Muğam sənəti olmasa, xanəndəlik də öz mahiyyətini itirər. Aşıq sənəti dastanla bağlı olmadıqda isə saz ifaçılığı ilə məhdudlaşır. Buna görə də dastanları qeydə almaq və aşıq sənətinin yeni nümunələrini gələcək nəsillərə çatdırmaq vacibdir”.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvü, Aşıq Şəmşirin nəvəsi Kəmalə Qasımova festivalın ustad sənətkarın adını daşımasının onda xüsusi sevinc və qürur hissi yaratdığını bildirib.

