Azərbaycanda tələbələrin müasir texnologiyalar və süni intellekt sahəsində biliklərinin artırılması istiqamətində yeni layihəyə start verilib. Təşəbbüs çərçivəsində müxtəlif universitetlərdə tələbələr üçün maarifləndirici təlimlər təşkil olunacaq.
“Tehsil365” xəbər verir ki, “TechConnect Week '26” layihəsi noyabrın 2-dən 7-dək Azərbaycanın 10 universitetində keçiriləcək. Layihənin 1000-dən çox tələbəni əhatə etməsi nəzərdə tutulur.
Həftənin ilk tədbiri Xəzər Universitetində baş tutub. Görüşdə 60-dan çox tələbə iştirak edib.
Təlim zamanı süni intellekt mühəndisi Natiq Məmişov müasir süni intellekt sistemlərinin arxitekturası, məlumat analitiki Çingiz Baxşıyev isə məlumat analitikasının biznes sahəsində yaratdığı imkanlar barədə təqdimatla çıxış ediblər.
Tədbir tələbələrin suallarının cavablandırılması və müzakirələrlə davam edib.

