Qərbi Kaspi Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, qonaqlar, eləcə də universitetdə təhsil almış şəhid tələbələrin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov açaraq Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, 44 günlük Vətən müharibəsinin xalqımızın milli iradəsinin və birliyinin təntənəsi olmasından bəhs edib. O, çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Qələbənin gələcək nəsillər üçün mühüm örnək olduğunu vurğulayıb.
Həmçinin şəhidlərin qəhrəmanlığının daim ehtiramla anılmasının, onların xatirəsinin yaşadılmasının və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin hər birimizin mənəvi borcu olduğunu qeyd edib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Müxtar Nağıyev 44 günlük Vətən müharibəsinin tarixi nəticələrindən, xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylikdən, Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıb.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov da çıxışında Vətən müharibəsinin siyasi və tarixi aspektlərinə toxunaraq Azərbaycanın əldə etdiyi Qələbənin regionda yaratdığı yeni reallıqlar barədə fikirlərini bölüşüb.
Tədbir zamanı universitet tərəfindən Vətən müharibəsində şəhid olmuş və Qərbi Kaspi Universitetində təhsil almış beş tələbənin adını daşıyan adlı təqaüdlər də təqdim olunub. Bu təşəbbüs şəhid tələbələrin əziz xatirəsinin yaşadılması, onların adlarının daim uca tutulması məqsədi daşıyır.
Tədbir universitetin xor kollektivinin ifasında vətənpərvərlik ruhlu musiqi nömrələri ilə yekunlaşıb.

