Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) STEAM Mərkəzinin komandaları “Atlantia International STEM Olympiad” beynəlxalq olimpiadasının Azərbaycanda keçirilən mərhələsində 6 birinci, 2 ikinci və 1 üçüncü yer qazanaraq Türkiyənin Antalya şəhərində keçiriləcək ikinci mərhələyə vəsiqə əldə ediblər.
“Tehsil365” xəbər verir ki, Bakı Modern Təhsil Kompleksinin ev sahibliyi ilə keçirilən olimpiadada Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin komandaları iştirak ediblər. ADPU-nu təmsil edən 9 komanda STEAM Mərkəzinin müdiri Vəfa Abdurahmanova və Mərkəzin əməkdaşları – Natella Namazova, Çinarə Məmmədli və Nərmin Həsənovanın mentorluğu ilə yarışda iştirak edib.
Komandaların tərkibində Fizika fakültəsinin tələbələri – Aydın Mövludzadə, Ramal Məmmədiyev, Əli Mahmudov və Lera Səfiyeva, Kimya və biologiya fakültəsinin tələbəsi – Nuray Zəkəriyyəyeva, Riyaziyyat fakültəsinin tələbələri – Məhəmmədhüseyn Əliyev, Selcan Həsənova, Bahar İsalı, Rəna Ağayeva və Fatimə Əlinəzərova yer alıblar.
Olimpiadanın ikinci mərhələsi Türkiyənin Antalya şəhərində, final mərhələsi isə İspaniyanın Barselona şəhərində keçiriləcək.

