26-29 oktyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Sian şəhərində, Şimali-Qərb Politexniki Universitetində Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (EABA) Şurasının 39-cu iclası keçirilib.
“Tehsil365” science.gov.az a istinadən xəbər verir ki, İclas müasir şəraitdə akademiyalararası elmi və elmi-texniki əməkdaşlığın genişləndirilməsi məsələlərinə həsr olunub. Tədbirin işində Çin, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Vyetnam, Qırğızıstan, Türkmənistan, Ermənistan, Monqolustan, Kuba akademiyalarının, müxtəlif dövlət qurumlarının və bəzi xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.
İclasın açılış mərasimindən və bir sıra təbrik nitqlərindən sonra təşkilati məsələlərə baxılıb və EABA-nın rəhbəri V.S.Karanikin Şuranın fəaliyyəti haqqında məruzəsi dinlənilib. İclasın gündəliyində təsdiq olunmuş məruzələrlə bağlı Silu Texnoloji Universitetinin partiya katibi U. Yantau, Rusiya EA prezidentinin müavini Vladimir Çexonin, Vyetnam Elm və Texnologiyalar Akademiyasının prezidenti Çan Xoy Txey və Materialşünaslıq İnstitutunun direktoru Çan Day Lam, Türkmənistan EA-nın prezidenti Allaberdi Aşirov, “Kurçatov İnstitutu” Elmi-tədqiqat mərkəzinin vitse-prezidenti Aleksandr Blaqov, Kuba EA-nın prezidenti Luis Velaskes Peras və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Dilqəm Tağıyev çıxış ediblər.
Növbəti məsələlər kimi EABA-nın Elmi şuralarının və Gənc Alimlər Şurasının fəaliyyəti, əsasnamələrdə dəyişikliklər edilməsinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Şimali-Qərb Politexniki Universitetində baş tutan EABA-nın Gənc Alimlər Şurasının yığıncağında AMEA Gənclər Akademiyasının sədri dosent Elmir Babayev təqdimatla çıxış edib.
27 oktyabrda Qlobal Cənubun görkəmli alimlərinə həsr olunmuş konfransda Çin və Belarusun bir sıra dövlət və akademik qurumlarının rəhbərləri məruzə ilə çıxış edib, qarşıda duran vəzifələr haqqında fikirlərini bildiriblər. İclasda EABA-nın yeni akademikləri seçilib, təltiflər edilib və memorandumlar imzalanıb (o cümlədən, AMEA ilə Çin Şimali-Qərb Politeхniki Universiteti arasında). Bundan başqa, Dilqəm Tağıyevin Çin Şimali-Qərb Politeхniki Universitetinin “Dəvətli professor”u seçilməsi haqqında qarşılıqlı razılaşma əldə olunub.
Günün ikinci yarısında konfrans öz işini 5 paralel seksiyada davam etdirib (1. Qabaqcıl aviasiya texnologiyaları, 2. Qabaqcıl aerokosmik materiallar və forma əmələ gətirmə texnologiyaları, 3. İntellektual istehsal texnologiyaları və avtomatik idarəetmə, 4. Energetikada və maşınqayırmada fənnlərarası elektron informasiya və innovasiyanın qabaqcıl istiqamətləri, 5. Süni intellekt və hesablama sistemləri). AMEA-nın vitse prezidenti Dilqəm Tağıyevin “Süni intellekt və hesablama sistemləri” seksiyasında “Azərbaycan süni intellekt erasında: strategiya, əməkdaşlıq və risklər” mövzusunda məruzəsi dinlənilib. Məruzənin mətninin konfransın bülletenində çap olunması planlaşdırılır.

