AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsi tərəfindən Sadıq bəy Ağabəyzadənin 160 illiyinə həsr olunmuş kitab hazırlanıb.
“Tehsil365” science.gov.az a istinadən xəbər verir ki, Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir.
Görkəmli ictimai-siyası xadim, general-şərqşünas Sadıq bəy Ağabəyzadə haqqında məqalələrdən ibarət toplunun ideya müəllifi, redaktoru və nəşrə hazırlayanı Azərbaycan-Polşa Beynəlxalq elmi-mədəni cəmiyyətinin sədri, şöbə müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəylidir.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri, həmçinin nazir müavini vəzifələrində çalışan, həmin nazirliyin əsasını qoyan artileriya general-mayoru Sadıq bəy Ağabəyzadə haqqında müxtəlif illərdə keçirilmiş konfransların materiallarını, eyni zamanda tədqiqat məqalələrini əhatə edir. Polşanın Kral Yan Kazimej adına Lvov Universitetinin Şərqşünaslıq kafedrasının professorunun həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən nəşr 152 səhifədən ibarətdir.

