Qarabağ Universitetində akademik idarəetmənin və tədris fəaliyyətinin inkişafı istiqamətində kadr dəyişiklikləri davam edir. Universitetin Biznes və İqtisadiyyat fakültəsində yeni təyinat həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, rektor Şahin Bayramovun müvafiq əmri ilə Əli Məmmədov fakültənin dekan müavini vəzifəsinə təyin olunub.
Əli Məmmədov Böyük Britaniyanın Ekseter Universitetində biznes və menecment ixtisası üzrə doktorluq, Liverpul Universitetində isə MBA dərəcəsi alıb. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Regionşünaslıq fakültəsinə qəbul olunub və 2009-cu ildə təhsilini başa vurub.
Yeni dekan müavininin elmi-tədqiqat fəaliyyəti eko-innovasiya, rəqəmsal transformasiya, təchizat zəncirinin idarə edilməsi, maliyyələşdirilməsi və risklərin idarə olunması istiqamətlərini əhatə edir.
Onun elmi məqalələri “Business Strategy and the Environment”, “Technological Forecasting and Social Change” və “IEEE Transactions on Engineering Management” kimi beynəlxalq elmi jurnallarda dərc olunub.
Əli Məmmədov Ekseter Universitetində iqtisadiyyat, biznesin idarə edilməsi və menecment fənlərini də tədris edib.

