Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin yaradıcılığının tədqiqi beynəlxalq elmi müstəvidə diqqət mərkəzində qalır. Şairin 885 illiyi münasibətilə Gəncədə beynəlxalq elmi konfrans keçirilib.
“Tehsil365” Mədəniyyət qəzetinə istinadən xəbər verir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları oktyabrın 30-da AMEA-nın Gəncə Bölməsində təşkil olunan “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi konfransda iştirak ediblər.
Konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan və Rusiyanın elmi-tədqiqat və təhsil müəssisələrindən alimlər qatılıblar.
Tədbirdə Əlyazmalar İnstitutunun əməkdaşları Nizami Gəncəvinin yaradıcılığı, əlyazmaların tədqiqi, rəqəmsal humanitar elmlər və şairin dünya ədəbiyyatına təsiri ilə bağlı məruzələrlə çıxış ediblər.
Məruzələr arasında Nizami yaradıcılığının rəqəmsal elmi mühitdə araşdırılması, “Xəmsə”yə yazılan nəzirələr, Nizaminin əsərlərində qadın obrazları və “Leyli və Məcnun” haqqında rəvayətlərin ilkin mənbələri kimi mövzular yer alıb.
Konfrans çərçivəsində təqdim olunan elmi işlər iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, beynəlxalq konfransa qəbul edilən 251 məqalə dörd cilddə nəşr olunub.

