Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin Qərbi Azərbaycan Mərkəzində əslən Çəmbərək rayonu Toxluca kəndindən olan Göyçə həsrətli vətənpərvər şair, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Göyçə poeziya ənənələrini yaşadan və inkişaf etdirən istedadlı qələm sahibi Müzahim Mehvalıoğlunun "Öz elimin oğluyam mən" adlı kitabının imza günü keçirilib.
“Tehsil365” xər verir ki, tədbirdə Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin üzvü Arzuxan Əlizadə, QAİ Qəyyumlar Şurasının sədri Mürvət Həsənli, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, ADU rektorunun müşaviri Anar Osmanlı, QAİ Aparatında koordinator İman Məmmədov, Dədə Ələsgər Ocağı İB İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor İbadulla Ağayev, Çəmbərək rayon icması sədrinin birinci müavini, Qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, Çəmbərək rayon icmasında Mədəniyyət, mədəni irs və mədəni abidələr üzrə məsul şəxs, AYB-nin üzvü, BDU-nun dosenti Rüxsarə Adil qızı, MuzTV-nin rəhbəri, filologiya elmləri üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov, ATU-nun professoru Yusif Əliyev, filologiya üzrə fəlsəfə doktoru Fazil İsmayılov, Qərbi Azərbaycan TV-nin əməkdaşı Fəxriyyə Lilpar, AYB-nin üzvü, şair Zöhrə Qaraqızı, AYB-nin üzvü, şair Yusif Ağbulaqlı, AYB-nin üzvü, şair Təvəkgül Cəmilli, şair-publisist Yaqub Abbasov, Toxluca kəndinin ziyalıları, Göyçə aşıq məktəbinin istedadlı yetirməsi aşıq Xanım Göyçəli, Aşıq Xəqani Zeynalabdinov və digərləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan ADU-nun Qərbi Azərbaycan Mərkəzinin rəhbəri, Təhsildə xarici dillər kafedrasının müdiri, Çənbərək rayon Qərbi Azərbaycan İcmasının Xarici əlaqələr şöbəsi və Ziyalılar Şurası üzrə məsul şəxs, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva şair Müzahim Mehvalıoğlunun həm mənalı həyat yolu və yaradıcılığı, həm də yeni işıq üzü görən kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə "Öz elimin oğluyam mən" kitabının videotəqdimatı nümayiş olunub.
Tədbir iştirakçıları Müzahim Mehvalıoğlunun yaradıcılıq yoluna nəzər salaraq, onun insani keyfiyyətlərindən söz açıb, şairin ədəbi irsinin və humanist şəxsiyyətinin müxtəlif məqamlarını işıqlandırıblar.
Çıxış edənlər şairin həm zəngin yaradıcılığını, həm də nümunəvi şəxsiyyətini yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində alim, pedaqoq, professor Həsən Bayramovun “Müzahim Mehvalıoğlunun bədii dünyasının mənəvi-psixoloji etüdləri” adlı kitabı da təqdim olunub və geniş müzakirə edilib.
Natiqlər çıxışlarında qeyd ediblər ki, belə ədəbi-mədəni tədbirlər bir daha göstərir ki, Qərbi Azərbaycan torpağının yetirdiyi söz adamlarının yaradıcılığı xalqımızın milli-mənəvi yaddaşının qorunmasında mühüm rol oynayır.
Tədbirdə şairin şeirlərinə yazılmış aşıq havaları ifa edilib.

