Azərbaycan ədəbiyyatının və publisistikasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin yaradıcılığı Bakı Dövlət Universitetində tələbələrlə müzakirə olunub. Görüşdə yazıçının publisistik irsi, Azərbaycan mətbuatının inkişafındakı rolu və yaradıcılığının əhəmiyyəti diqqət mərkəzində olub.
“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Görkəmli Azərbaycan publisistləri” fənni çərçivəsində “Cəlil Məmmədquluzadənin publisistikası” mövzusunda tədbir keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Mətbuat və publisistika şöbəsinin baş elmi işçisi Gülbəniz Babayeva qonaq qismində iştirak edib.
Görüş zamanı Cəlil Məmmədquluzadənin Azərbaycan publisistikasının formalaşmasında və inkişafında rolu, onun yaradıcılığında ictimai problemlərin işıqlandırılması, satirik üslubunun xüsusiyyətləri barədə söhbət aparılıb.
Tələbələr görkəmli yazıçının publisistik irsi ilə bağlı fikirlərini bölüşüb, mövzu ətrafında müzakirələrdə iştirak ediblər. Tədbir çərçivəsində tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə Azərbaycan satirik publisistikasının inkişafında mühüm rol oynayıb. Onun yaratdığı “Molla Nəsrəddin” jurnalı milli mətbuat tarixində xüsusi yer tutur.

