31 oktyabr 2026-cı il tarixində SABAH.city-də keçirilən “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramının yekun Demo Day tədbiri və “TEİ Forum 2026” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Acceler8 Limited şirkətinin Deep Tech Foundry brendi arasında əməkdaşlıq memorandumu üzrə imzalanma mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, mərasimdə ADNSU adından Startup və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə, Deep Tech Foundry adından isə Gonca Kara iştirak edib.
Tədbir çərçivəsində çıxış edən Əhməd Əhmədzadə memorandumun universitet üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, ADNSU-nun əsas hədəflərindən biri elmi bilik və tədqiqat nəticələrini real texnologiyalara, innovativ məhsullara və kommersiya potensialına malik startaplara çevirməkdir. Universitetdə yaranan ideyaların laboratoriyadan beynəlxalq bazarlara çıxan uğurlu texnologiyalara çevrilməsinin vacibliyini qeyd edən Əhməd Əhmədzadə Deep Tech Foundry ilə əməkdaşlığın bu istiqamətdə yeni imkanlar yaradacağına inamını ifadə edib.
Əməkdaşlığın əsas məqsədi universitetdə aparılan elmi tədqiqatların kommersiyalaşdırılması, innovativ texnologiyaların bazara çıxarılması və tədqiqat nəticələri əsasında yeni texnoloji startapların və şirkətlərin yaradılması imkanlarının inkişaf etdirilməsidir.
Memorandum çərçivəsində enerji, sənaye texnologiyaları, süni intellekt, rəqəmsallaşma, avtomatlaşdırma və ətraf mühit texnologiyaları istiqamətlərində əməkdaşlıq imkanlarının araşdırılması, perspektivli layihələrin texniki və kommersiya potensialının qiymətləndirilməsi, prototiplərin hazırlanması və bazara çıxış strategiyalarının formalaşdırılması nəzərdə tutulur.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri ADNSU-nun tədqiqatçı və startaplarının Avropa innovasiya ekosisteminə inteqrasiyası, beynəlxalq investorlar, sənaye şirkətləri və tədqiqat institutları ilə əlaqələrinin genişləndirilməsidir.
Qeyd edək ki, Deep Tech Foundry qabaqcıl elmi tədqiqatlar əsasında dərin texnologiya şirkətlərinin yaradılması və inkişafı üzrə ixtisaslaşmış, Avropa İnnovasiya Şurasının (EIC) tərəfdaşı olan şirkətdir. Şirkət 200-dən çox avropalı professor və tədqiqat qrupu ilə tədqiqat nəticələrinin kommersiyalaşdırılması istiqamətində əməkdaşlıq təcrübəsinə malikdir.
Əhməd Əhmədzadə əməkdaşlığın əhəmiyyətini belə ifadə edib: “İstəyimiz universitetlərdə yaranan innovativ ideyaların laboratoriyalarda qalmaması, beynəlxalq bazarlara çıxan uğurlu texnologiyalara çevrilməsidir. Deep Tech Foundry ilə əməkdaşlığımızın bu istiqamətdə yeni imkanlar yaradacağına inanırıq”.
Bu əməkdaşlıq elmi tədqiqatların iqtisadi dəyərə çevrilməsi, texnologiya transferinin inkişafı və ADNSU-nun beynəlxalq innovasiya ekosistemində mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

