Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul elan edilir.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, proqram ali təhsil müəssisələrinin I kursunda bakalavriat səviyyəsində təhsil alan, sosial həssas qrupa aid olan oğlan və qızlara təhsil müddətində dəstək göstərməyi hədəfləyir. Proqram üzrə ixtisas məhdudiyyəti olmadan, müəyyən edilmiş digər meyarlara cavab verən və istənilən ixtisas üzrə təhsil alan tələbələr müraciət edə bilərlər.
Təqaüd proqramı çərçivəsində 20 tələbə seçiləcək və hər bir iştirakçı aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.
Proqrama müraciət edən namizədlər Azərbaycan vətəndaşı olmalı, ölkənin ali təhsil müəssisələrində əyani formada bakalavriat səviyyəsinin I kursunda təhsil almalı, sosial həssas qrupa aid edilməli, qəbul imtahanında minimum 600 bal toplamalı, həmçinin könüllülük və digər ictimai fəaliyyətlərdə fəallıq göstərməlidirlər. Bundan əlavə, namizədlər müəyyən edilmiş sosial meyarlardan ən azı birinə uyğun olmalıdırlar. Sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimində qəbul imtahanında topladıqları bal əsas götürüləcək.
Proqrama qəbul onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla üç mərhələdə həyata keçiriləcək. Seçim zamanı namizədlərin sosial vəziyyəti, akademik göstəriciləri, motivasiyası və tələbə fəaliyyəti nəzərə alınacaq. Mərhələləri uğurla başa vuran 20 tələbənin hər birinə aylıq 200 manat təqaüd veriləcək. Müraciətlər noyabrın 17-dək qəbul olunacaq. Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər.
Proqrama müraciət etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

