Bakı Dövlət Universitetinin (BDU) “YENİ Klub”unun Şərqşünaslıq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə “Zəfərin 44 sütunu” layihəsi çərçivəsində “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Şərqşünaslıq fakültəsinin dekan müavini Əli Babayev belə layihələrin gənclərin tarixi biliklərinin artırılmasında və vətənpərvərlik ruhunun gücləndirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımız üçün sonsuz qürur və fəxr günüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbə Azərbaycanın müstəqil dövlətçilik yoluna, milli həmrəyliyinə və gələcək uğurlarına olan inamı daha da möhkəmləndirir. Zəfər Gününün daşıdığı mühüm məna və çağırışlardan biri də əldə edilmiş tarixi nailiyyətlərin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.
Görüşün qonağı – BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin Monitorinq, təhlil və akkreditasiya şöbəsinin böyük mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Anar Həmidov Vətən müharibəsinin tarixi əhəmiyyəti, əsas hadisələrin xronologiyası, Azərbaycanın qazandığı möhtəşəm Zəfər və regionda yaratdığı yeni reallıqlar barədə geniş məruzə edib. O diqqətə çatdırıb ki, Zəfər Günü Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, Cənubi Qafqazın geosiyasi reallıqlarını köklü şəkildə dəyişən əlamətdar hadisədir. Tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə şərait yaradıb, xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin təntənəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində qarşıya qoyduğu mühüm strateji hədəfə çatıb. Bu tarixi nailiyyət güclü ordunun, məqsədyönlü dövlət siyasətinin və xalqımızın vahid məqsəd ətrafında sıx birləşməsinin məntiqi nəticəsi idi.
Sonda mövzu ilə bağlı müzakirə aparılıb və tələbələrin sualları cavablandırılıb.

