Lənkəranda regionun aqrar potensialının, sitrusçuluq ənənələrinin və yerli məhsulların tanıdılması məqsədilə “Bir cənub şəhərində” adlı festival təşkil olunub.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlkin Quluzadə, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəhbəri Elvin Nəhmətli, “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran-Astara regional bölməsinin rəhbəri İlkin Muradov və “Citrus Valley” fermer təsərrüfatının rəhbəri Rəftarə Şükürova regionun aqrar və turizm potensialı, sitrusçuluğun inkişaf perspektivləri, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, yerli istehsalın təşviqi və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti barədə danışıblar.
Festivalda ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən Gənclər evləri və sahibkarlar öz məhsul və əl işlərini təqdim ediblər.
Tədbirin bədii hissəsində Gənclər evlərinin gəncləri musiqi nömrələri və milli rəqslərlə çıxış ediblər. Masallı “Halay” folklor rəqs qrupunun təqdim etdiyi kompozisiya da festivalın proqramına rəng qatıb.
Festival çərçivəsində gənclərin yaradıcılıq və kulinariya bacarıqlarının üzə çıxarılması məqsədilə “Feyxoa möcüzəsi” və kivi mürəbbəsinin hazırlanması üzrə “Sitrus mətbəxi” müsabiqələri təşkil olunub. İştirakçılar öz bacarıqlarını nümayiş etdirərək hazırladıqları məhsulları təqdim ediblər.
Müsabiqələrin qalibləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və “Citrus Valley” fermer təsərrüfatı tərəfindən diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar. Festivalda fəal iştirak edən, stendləri və bədii proqramı ilə tədbirə töhfə verən Gənclər evlərinə də təşəkkürnamələr təqdim olunub.

