Hindistanda müəllimlərin işə qəbulu və müəllimlərin uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı imtahan qaydalarına dəyişikliklər təklif olunur.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Müəllim Təhsili üzrə Milli Şurası (NCTE) məktəblərdə müəllimlərin işə qəbulu üzrə mövcud tələbləri, eləcə də Mərkəzi Müəllim Uyğunluğu Testi (CTET) və Ştat Müəllim Uyğunluğu Testi (STET) imtahanlarına buraxılış şərtlərini nəzərdən keçirmək üçün iki ekspert komitəsi yaradıb.
Dəyişikliklərin əsas məqsədi dördillik İnteqrasiya olunmuş Müəllim Təhsili Proqramının (ITEP) məzunlarının da müəllim vəzifələrinə müraciət edə bilməsi üçün müvafiq qaydalara daxil edilməsidir.
Qeyd edək ki, ITEP proqramının ilk məzunlarının 2027-ci ilin may-iyun aylarında universitetləri bitirməsi gözlənilir. Hazırda mövcud işə qəbul qaydaları və müəllimlərin uyğunluq imtahanlarına dair tələblər bu proqramın diplomunu ayrıca uyğun təhsil kvalifikasiyası kimi nəzərdə tutmur.
Komitələrdən biri məktəblərdə müəllimlərin işə qəbulu üçün tələb olunan minimum təhsil tələblərini, digəri isə CTET və STET imtahanlarına buraxılış qaydalarını araşdıracaq. Onların təklifləri əsasında müvafiq normativ sənədlərə dəyişikliklərin hazırlanması nəzərdə tutulur.
Məlumatda bildirilir ki, ITEP 2023-2024-cü tədris ilində Hindistanın 2020-ci il Milli Təhsil Siyasətinə uyğun olaraq tətbiq edilib. Proqram orta məktəbi bitirənlərə dörd il ərzində həm bakalavr təhsili almaq, həm də müəllimlik üzrə peşə hazırlığı keçmək imkanı yaradır.
Ənənəvi modeldə tələbələr əvvəlcə bakalavr təhsili alır, daha sonra isə ikiillik B.Ed proqramını bitirərək müəllimlik ixtisasına yiyələnirlər.
Yeni proqram isə müəllim hazırlığını vahid dördillik təhsil modelində birləşdirir. Hindistanın Milli Təhsil Siyasətində 2030-cu ilədək dördillik inteqrasiya olunmuş müəllim təhsili proqramının məktəb müəllimləri üçün minimum kvalifikasiyaya çevrilməsi hədəfi də yer alır.
Qeyd edək ki, komitələrin yaradılması hələ qaydaların dəyişdirilməsi demək deyil. ITEP məzunlarının müəllim vəzifələrinə müraciət etməsi və müvafiq imtahanlarda iştirakı üçün təklif olunan dəyişikliklər rəsmi şəkildə təsdiqlənməli və qüvvəyə minməlidir.

