Google məktəblərdə şagirdlərin süni intellekt alətlərindən istifadəsinə nəzarəti gücləndirən yeni qaydalar tətbiq etməyə hazırlaşır. Yeni siyasətə əsasən, süni intellekti tamamilə deaktiv edən məktəblər Google Axtarış sisteminə də çıxışlarını itirəcəklər.
“Tehsil365” xarici mediaya istinadən xəbər verir ki, Google K-12 şagird hesablarında Gemini köməkçisi və Google Axtarış kimi süni intellekt xüsusiyyətlərinə malik xidmətləri məktəb rəhbərliyi tərəfindən aktivləşdirilənədək standart olaraq deaktiv edəcək.
Google-un təhsil üzrə vitse-prezidenti Kris Fillips bildirib ki, axtarış sistemi ilə süni intellekt bir-biri ilə dərindən inteqrasiya olunub. Buna görə də süni intellektdən istifadəni tamamilə qadağan edən məktəblərin şagirdləri Google Axtarışdan da yararlana bilməyəcəklər.
Şirkət, həmçinin şagirdlər üçün “istiqamətləndirilmiş öyrənmə” modelini tətbiq etməyi planlaşdırır. Bu yanaşmaya əsasən, süni intellekt hazır cavablar təqdim etmək əvəzinə, şagirdlərə problemləri müstəqil həll etməyə kömək edəcək. Məsələn, ev tapşırığı ilə bağlı axtarış aparan şagirdə birbaşa cavab vermək əvəzinə, mövzunu mərhələli şəkildə mənimsəməsi üçün istiqamətlər göstəriləcək.
Qeyd edək ki, Google bu qərarla avqust ayında Google Classroom platformasında Gemini-ni standart olaraq aktivləşdirmək planından geri çəkilib. Yeni siyasətin təfərrüatlarının qarşıdakı aylarda məktəblərə təqdim edilməsi gözlənilir.

