Natavan Makili-Əliyevanın Azərbaycanın zəngin milli mətbəxini, qonaqpərvərlik ənənələrini və kulinariya mədəniyyətini tanıdan “Azerbejdžansko gostoprimstvo kroz kulinarske recepte – U gostima kod Natavan” (“Kulinariya reseptləri vasitəsilə Azərbaycan qonaqpərvərliyi – Natavanın qonağı olarkən”) kitabı Bosniya və Herseqovinada boşnak dilində işıq üzü görüb.
“Tehsil365” xəbər verir ki, kitab Bosniya və Herseqovinadakı səfirliyimizin dəstəyi ilə boşnak dilinə tərcümə edilərək nəşr olunub. Nəşrin məqsədi Azərbaycan mətbəxinin zəngin ənənələrini, özünəməxsus xüsusiyyətlərini, milli xörəklərin hazırlanma qaydalarını və xalqımızın əsrlər boyu formalaşmış süfrə mədəniyyətini Bosniya və Herseqovina xalqına və boşnakdilli oxuculara daha yaxından tanıtmaqdır.
Bu lazımlı və faydalı kitab ilk dəfə Moldovanın paytaxtı Kişineu şəhərində “Visiting Real Bakuvian. Azerbaijan Hospitality in the Recipes” adı ilə nəşr olunub.
Kitabın müəllifi Natavan Makili-Əliyeva Azərbaycanın Moldovadakı keçmiş səfiri, professor Namiq Əliyevin həyat yoldaşıdır. Namiq Əliyevin Moldovada diplomatik fəaliyyəti dövründə Natavan xanım Kişineu Beynəlxalq Qadınlar Klubunun fəal üzvü kimi müxtəlif xeyriyyə tədbirlərində və mədəni layihələrdə iştirak edərək Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin təbliğinə töhfə verib.
Azərbaycan mətbəxinin rəngarəngliyini və zənginliyini əks etdirən kitabda şah plov, dolma, lülə kabab, müxtəlif milli qəlyanaltılar, paxlava, şəkərbura və digər ənənəvi təamların reseptləri təqdim olunur. Bununla yanaşı, nəşr Azərbaycan süfrəsinin fəlsəfəsini, qonağa ehtiram və qonaqpərvərlik kimi milli-mənəvi dəyərlərimizi oxuculara çatdırır.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev kitaba “On söz”ü yazıb.
Kitabın boşnak dilində nəşri Azərbaycan ilə Bosniya və Herseqovina arasında mədəni əlaqələrin genişləndirilməsi, xalqlarımızın bir-birinin məişət mədəniyyəti və milli-mədəni irsi ilə daha yaxından tanış olması baxımından əhəmiyyətli töhfədir.

