Sosial şəbəkələrdə tibbi məsləhətlərin geniş yayılması və özünü həkim kimi təqdim edən şəxslərin insanlara müxtəlif tövsiyələr verməsi ciddi narahatlıq doğurur. Bəzən bu məsləhətlər peşəkar tibbi biliklərə deyil, reklam və şəxsi qazanc maraqlarına əsaslanır.
Tibb eksperti Rasif Bağırov “Tehsil365”ə açıqlamasında bildirib ki, insanlar sosial şəbəkələrdə yayılan tibbi məsləhətlərə qarşı diqqətli olmalı, hər deyilənə inanmamalıdırlar.
Onun sözlərinə görə, bəzi şəxslər reklam məqsədilə sosial şəbəkələrdə müxtəlif tibbi məlumatlar paylaşaraq insanları yanlış istiqamətləndirirlər:
“Əslində, həkimin ən yaxşı reklamı sağaltdığı xəstələr olmalıdır. Əgər həkim həqiqətən savadlıdırsa, öz işinə məsuliyyətlə yanaşırsa, insanlar onu axtarıb tapacaqlar. Lakin bəzi həkimlər sosial şəbəkələrdə özlərini həddindən artıq reklam edir, müxtəlif uğurlu müalicələrdən danışırlar. Ancaq onların yanına müraciət edən xəstələr bəzən görürlər ki, həmin şəxslər heç düzgün resept belə yaza bilmirlər”.
Ekspert qeyd edib ki, sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək qazanc əldə etməyə çalışan şəxslərin verdiyi yanlış məsləhətlər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
R.Bağırov vurğulayıb ki, həkim hər hansı dərman və ya müalicə üsulunu tövsiyə etməzdən əvvəl xəstə mütləq müayinədən keçirilməlidir. Yalnız bundan sonra müvafiq resept yazılmalı və müalicə təyin edilməlidir.
Ekspert sonda insanlara sosial şəbəkələrdə gördükləri məsləhətlər əsasında özbaşına müalicəyə başlamamağı, hər hansı tibbi qərar verməzdən əvvəl mütəxəssis müayinəsindən keçməyi tövsiyə edib.

