Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması zamanı onların peşəkar bilik və bacarıqları dörd əsas istiqamət üzrə qiymətləndiriləcək.
“Tehsil365” xəbər verir ki, bu barədə AzEdu.az məlumat yayıb.
Qiymətləndirmə çərçivəsinə əsasən, sertifikatlaşdırmada iştirak edən şəxslərin peşə bilikləri və metodiki hazırlığı, təhlükəsizlik qaydaları, pedaqoji etika və əməkdaşlıq, eləcə də özünüinkişaf bacarıqları yoxlanılacaq.
Test imtahanında iştirakçılara ümumilikdə 60 sual təqdim ediləcək. Suallar asan, orta və çətin olmaqla üç səviyyəyə bölünəcək.
Qiymətləndirmə zamanı Blum taksonomiyasının mərhələləri əsas götürüləcək. Bu yanaşma iştirakçıların yalnız nəzəri biliklərini deyil, həm də öyrəndiklərini tətbiq etmək, təhlil aparmaq və qərar vermək bacarıqlarını yoxlamağa imkan verəcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması onların peşəkar fəaliyyətinin qiymətləndirilməsinə və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

