Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasının növbəti mərhələsində əməkhaqqına tətbiq edilən əlavələrin hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur.
“Tehsil365” xəbər verir ki, bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb.
Məlumata görə, 2027-ci ildən başlayacaq təkrar sertifikatlaşdırma mərhələsində hazırda tətbiq olunan 10 və 35 faizlik əməkhaqqı əlavələrinin vahid əmsalla əvəzlənməsi təklif edilir.
Günay Ələkbərova bildirib ki, sertifikatlaşdırmanın ilk beşillik mərhələsinin başa çatması təhsil sistemi üçün mühüm mərhələdir. Növbəti dövrdə qiymətləndirmə və əməkhaqqı mexanizmlərinə yenidən baxılması mümkündür.
Hazırda sertifikatlaşdırmada əldə edilən nəticələrə uyğun olaraq müəllimlərin əməkhaqqına 10 və ya 35 faiz əlavə tətbiq olunur. Yeni mexanizmin necə olacağı ilə bağlı isə hələlik yekun qərar qəbul edilməyib.
Qeyd edək ki, müəllimlərin sertifikatlaşdırılması onların peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi daşıyır.

