Azərbaycan Universitetində Qazaxıstanın ali təhsil müəssisələrinin professor-müəllim heyəti üçün ikigünlük təkmilləşdirmə kursu təşkil olunub.
“Tehsil365” xəbər verir ki, kurs universitetin Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilib.
“Qlobal təhsil: transformasiya, innovasiya və peşəkar səriştələrin inkişafı” adlı proqramda Lev Qumilyov adına Avrasiya Milli Universiteti, Qazaxıstan Milli Tibb Universiteti və Mərkəzi Asiya İnnovasiya Universitetinin nümayəndələri iştirak ediblər.
Təlimlərdə ali təhsildə müasir dəyişikliklər, innovativ tədris yanaşmaları və peşəkar bacarıqların inkişafı müzakirə olunub. İştirakçılar öz təcrübələrini bölüşərək müxtəlif tədris modelləri barədə fikir mübadiləsi aparıblar.
Kurs çərçivəsində Azərbaycan Universitetinin və Mərkəzi Asiya İnnovasiya Universitetinin nümayəndələri arasında akademik əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.
Qeyd edək ki, proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

