Azərbaycanda biologiya dərsliklərinin məzmununun müasir elmi yeniliklərə uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib.
“Tehsil365” xəbər verir ki, bu barədə biologiya müəllimi və dərslik rəyçisi Camal Kərimov AzEdu.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə biologiya dərsliklərinin hazırlanmasında şagirdlərin yaş və qavrama xüsusiyyətləri, eləcə də müasir təhsil tələbləri nəzərə alınıb.
Müəllim qeyd edib ki, dərsliklərdə nanotexnologiyalar, kosmik tədqiqatlar, müasir biotexnologiya və gündəlik həyatla əlaqəli bioloji proseslərə daha geniş yer verilib.
Bununla yanaşı, biologiyanın fizika, kimya və riyaziyyat kimi fənlərlə əlaqələndirilməsi, STEAM yanaşmasının tətbiqi və praktiki tapşırıqların artırılması da diqqət mərkəzindədir.
Camal Kərimov dərsliklərdə fotoşəkillər, illüstrasiyalar, sxemlər və infoqrafikalardan istifadənin şagirdlərin mövzuları daha yaxşı mənimsəməsinə kömək etdiyini vurğulayıb.
Qeyd edək ki, müasir dərsliklərin hazırlanmasında beynəlxalq təcrübənin və PISA, TIMSS kimi qiymətləndirmə tədqiqatlarının tələblərinin nəzərə alınması da mühüm istiqamətlərdəndir.

