Sumqayıt Dövlət Universitetində hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır.
“Tehsil365” xəbər verir ki, bu barədə universitetin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsində məlumat verib.
Rektor bildirib ki, universitetdə yeni ixtisasların yaradılması istiqamətində işlər aparılır. İlk növbədə hüquqşünaslıq ixtisasının açılması nəzərdə tutulur.
Onun sözlərinə görə, növbəti illərdə tibb ixtisasının yaradılması ilə bağlı da Elm və Təhsil Nazirliyi qarşısında müvafiq vəsatət qaldırılması planlaşdırılır.
Bundan əlavə, universitetdə data analitikası və proqram mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının təşkili üçün sənədlər nazirliyə təqdim edilib. Rektor bu ixtisaslar üzrə tədrisin növbəti tədris ilindən başlanmasının nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, yeni ixtisasların yaradılması universitetin təhsil proqramlarının genişləndirilməsinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına yönəlib.

